HƏZRƏTİ HUD VƏ HƏZRƏTİ SALEH - 18 Февраля 2011 - Блог - Добро пожаловать

Все об исламе

Воскресенье, 04.12.2016, 11:06

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18 » HƏZRƏTİ HUD VƏ HƏZRƏTİ SALEH
13:07
HƏZRƏTİ HUD VƏ HƏZRƏTİ SALEH
Həzrəti Hud Həzrəti Nuhdan sonra göndərilən ilk peyğəmbər olduğuna görə [1, əsasən Hud qissəsi ilə bağlı olan ayələr Nuh qissəsini anladan ayələrdən sonra gəlir. Hər iki qissənin anladıldığı Əhqaf, Hud, Muminun, Şuara, Qəmər, Haqqa surələrində bunun bariz nümunəsini görürük. 
Hud qövmü Tufandan sonra bütlərə sitayiş edən və eləcə də axirəti inkar edən [Muminun 23,37] ilk qövmdür. İbn Kəsir onlar haqqında "Ad qövmünün 3 bütü vardır: 1. Sada, Səmuda, Həra” deyirdi. Səmud qövmü də Ad qövmünün varisi olaraq anılır və onun da qissəsi demək olar ki, Hud qövmünün qissəsi ilə yanaşı anılır. 

Həzrəti Hud Ad qövmünə göndərilmiş bir peyğəmbərdir və adı Qurani Kərimdə 7 surədə 24 dəfə keçir. Və bir də ayrıca olaraq Quranda "Hud” surəsi var. 

Ad qövmünün hekayəsi cənnəti dünyada axtaran zavallıların acınacaqlı hekayəsidir. Nüzul sırası ilə ilk dəfə Fəcr surəsi 6-da bu qövmün hekayəsi bizə danışılır. 22 yerdə Səmud qövmünün qissəsi ilə birlikdə və ya ardı-ardına zikr olunur. Kitabı Müqəddəsdə bu iki qissə haqqında heç bir məlumat yoxdur. 

Məşhur İrəm bağlarının sahibi olan bu möhtəşəm mədəniyyətin qurucuları olan bu qövm Əhkaf bölgəsində yaşamışdır. Ərəbistan yarmadasının cənubunda okeana paralel olan Rubul-Hali səhrasının altında Hadraməvt [Ölü yaşıl] deyilən vadidə yerləşmişdir. Hud qövmünin ilahi əzabdan xilas olan sakinləri daha sonra həmin bölgədən uzaqlaşaraq yarımadanın şimalında, görkəmli qaya şəhərlərinin olduğu Hicr deyilən ərazidə məskunlaşmışdılar. Daha sonralar həmin qövmün sakinləri Səmud qövmü və ya ikinci Ad qövmü kimi məşhur olmuşlar. Qurani – Kərimdə də Səmud qövmü kimi təqdim olunmuşlar. 
Səmud qövmünün sakinləri Ad qövmünün həlak olma səbəbini evlərinin güvənli olmamasında görmüş, tikilən evlərin dağların ətəyində olduğu üçün dağıldığı qənaətinə gələrək öz evlərini dağların başında inşa etmişdilər. Həmin əraziyə Vadil-Qura deyilirdi. Onlar ilahi təqdirin inşaat materiallarından deyil insanlardan qaynaqlandığını düşünmədilər. Və sonunda "qaya kimi sağlam” məkanlarında onlar da həlak oldular. Onlardan qalan əfsanələr/xəbərlər Mədaini-Salih adı ilə anılmağa başlanıldı.
Raziyə görə burada 1700 mağara-şəhər oyulmuşdur. Səmud adı az su mənasına gələn "səm” kəlməsindən törədilmişdir. Bu bir su mədəniyyətidir. İl boyu yağması gözlənilən yağış suyunu mühafizə etmək məqsədi ilə qayalarda açılan bəndlərdə saxlayıb istifadə edilən görkəmli bir mədəniyyət idi. 

Səmud qövmünün də həlak səbəbinin kökündə Allaha şərik qoşmaları dayanır. Bunula belə peyğəmbərlərindən möcüzə olaraq tələb etdikləri bir dəvəni əvvəlcə susuz buraxıb, sonra əzabla öldürmələri bardağı daşıran son damla oldu. 
Ad qövmü 7 gecə 8 gün kəsilmədən davam edən leysandan, Səmud qövmü isə güclü bir səsdən həlak oldu. [Haqqa, 5-7]
"Görmədinmi Rəbbin Ad qövmünə nə etdi? Sütun [kimi bina]lar sahibi İrəmə ki, o [günün] dünyasında bir bənzəri daha inşa edilməmişdir. Yenə qayaları vadilər düzəltmək məqsədi ilə kəsib oyan Səmuda? Və [piramidalarla dünyaya] meydan oxuyan Firona? Onlar hamısı öz ölkələrində həddi aşanlar idilər. Onlar əxlaqi çürümə və ictimai pozğunluğu dəstəklədilər. Buna görə də Rəbbin onların üzərinə əzab göndərdi. Bu yəqindir ki, Rəbbin hər zaman və hər yerdə hər kəsə nəzarət edir." [Fəcr, 6-14]

HUD QÖVMÜNƏ GƏLMİŞ BAŞQA ELÇİLƏR
"Və Ad qövmünün qardaşını [Hudu] xatırla! O, qum təpələri arasında yaşamış olan qövümə, - ondan əvvəl də, ondan sonra da bir çox xəbərdar edən/çəkindirən gəlib-getmişdir, - belə söyləmişdir: "Allahdan başqasına qulluq etməyin! Əks halda mən dəhşətli günün əzabına mübtəla olmağınızdan qorxuram.” [Əhqaf, 21]

Bəzi müfəssirlər bu ayəni əsas alaraq Ad qövmünə Huddan da əvvəl peyğəmbərlər göndərildiyini söyləyirlər. Hud peyğəmbər isə həlakdan öncə sonuncu xəbərdarlıqla göndərilmişdir. 

QARDAŞLARINI GÖNDƏRMƏK
"Ada qardaşları Hudu [göndərdik]. "Ey qövmüm!” dedi, "yalnız Allaha qulluq edin! Sizin Ondan başqa ilahınız yoxdur. Bu halda [Ona şərik qoşmaqdan] çəkinməyəcəkmisiniz?” [Əraf, 65]

Nə üçün Allah azğın qövümlərə məhz öz içlərindən [qardaşları] birini peyğəmbər olaraq göndərmişdi? Allah məgər onların bəhanələrini bilmirdimi? Bilirdi. Bununla belə məhz içlərindən birini seçmişdir. Onları daha yaxşı tanıyan və onların da daha yaxşı tanıdıqları birni göndərmək Allahın sünnətlərindəndir. Xəstəliyə ən doğru diaqnozu qoymaq və müalicə üsullarını da bilmək məhz o xəstəliyin səbəbini daha yaxşı bilməklə mümkündür. 

Xəstəliyin/günahın, nə zaman və necə yarandığını o qövmdə yaşayan insandan daha yaxşı kim bilərdi ki? Günah işləyənlər və ya günaha meyl edənlər [şərik qoşanlar] da onlar üçün göndərilən insanı tanıyır, əxlaqi üstünlüklərini də bilirdilər. Və heç bir qüsur tapmayanda isə niyə Mələk deyil bəşər göndərildiyinə qarşı çıxırdılar. Mələk göndərilsəydi əgər, bu zaman da o mələkdir, biz isə insanıq deyəcək və yenə də ilahi təqdirə qarşı çıxmaqda israr edəcəkdirlər. 

Allah Həzrəti Lut istisna olmaqla [Bu barədə daha geniş Həzrəti Lut peygəmbər bölümündə məlumat verəcəyik] bütün qövümlərə içlərindən birini [qardaşlarını] göndərmişdi. Həzrəti Lut isə kənardan gəlsə də o qövmün içində uzun müddət yaşamış, onları günahlardan çəkindirmiş, işlədikləri əxlaqsızlıqdan xilas etməyə çalışmışdı. 
Həzrəti Hud qövmünün günahlarını: Allaha şərik qoşquqlarını, israfa meyillərini, axirəti inkar etməklərini görür və onları bundan çəkindirməyə çalışırdı. Hər peyğəmbər, tövhid inancının bir gərəyi olan bu xəbərdarlığı etmiş və vəzifəsini dünyalıq bir mənfəət qarşılığında deyil, sadəcə Allahın əmrini yerinə yetirmək və razılığını qazanmaq üçün etdiyini vurğulamış və müşriklərə ağıllarını istifadə edib bu öyüddən faydalanmalarını tövsiyə etmişdir. Digər müşrik cəmiyyətlər kimi, Ad qövmünün müşrikləri də, peyğəmbərlərini yalanlamışdılar. 

VERİLƏN NEMƏTLƏR
Ad və Səmud qövmünə heç bir qövmə verilməyən nemətlər və zənginliklər verilmişdir.
"Doğrusu onlara orada, sizə burada vermədiyimiz qədər güc və qüdrət vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları [əzab] bürüdü.” [Əhqaf, 26]
"Ad qövmünə gəlincə... Belə ki, onlar da yer üzündə haqsız yerə qürurlandılar və "Bizdən daha güclü kim var” dedilər?” [Füsullət, 15] 

Məşhur İrəm bağlarının sahibləri olan Ad qövmündən, eləcə də möhtəşəm bir qaya oyma mədəniyyətinə sahib olan Səmud qövmündən bizə yalnız və yalnız onların acı hekayələri gəlib çatmışdır. Onlar ibrət ala bilənlər üçün bir nümunədirlər. Böyük bir mədəniyyətin qurucuları olan bu qövmlər onlara verilən neməti anlamamış, Allaha şərik qoşaraq ən böyük günahı işləmiş və beləcə də həlak olmaları qaçınılmaz olmuşdur.
Qurani – Kərimdə bizə anladılan peyğəmbərlərin hekayələri bizim düşünməyimiz və nəticə çıxartmağımız üçündür. Həm birinci Ad qövmü, həm də ikinci Ad qövmü kimi məşhur olan Səmud qövmündən də alınacaq örnəklər var. Nəml surəsi 52-ci ayədə "Saleh qissəsinin düşünənlər üçün ibrət olduğu” bildirilmişdir. Burada inkar edən bir qövmün həlakının səbəbini, ancaq doğru bir şəkildə düşünənlərin dərk edə biləcəyi məlum olur. Yəni cahillər bir dəvənin öldürülməsi ilə Səmud qövmünün həlakı arasındakı əlaqəni qəbul edə bilməzlər. Belə böyük maştablı fəlakətləri, sadəcə təbii səbəblərə bağlayaraq, bu cür hadisələrlə, insanların əxlaqsızlıqları və işlədikləri günahlar arasında bir əlaqənin olmayacağını iddia edirlər. Bu ictimai fəlakətin, zülm və əxlaqsızlığın yayılması ilə əlaqəsinin olduğunu inkar edirlər. 

DƏVƏ MÖCÜZƏSİ
Məhəmməd peyğəmbər qövmünün ondan möcüzə istəməsinə qadağan qoymuşdur. Quranda anladılan peyğəmbər qissələrindən də məlumdur ki, Allahdan möcüzə istədikdən və bu möcüzə də reallaşdıqdan sonra inkarda israr edən qövmün həlakı qaçınılmazdır. 
"Bizim möcüzələr göndərməməyimizə sadəcə əvvəlki qövümlərin onları yalanlamaları əngəl oldu. Belə ki, Səmuda [risalətinin] açıq dəlili olaraq dişi dəvə vermişdik, fəqət təmsil etdiyi həqiqəti inkar edərək ona zülm etdilər; Zatən Biz bu cür möcüzəvi dəlilləri, sadəcə qorxudaraq xəbərdar etmək üçün göndəririk!" [İsra 59]. Mövdudi bu ayənin təfsirində, Peyğəmbərimizdən möcüzələr istəyən Məkkə müşriklərinə yönəlik mesajın xülasəsini belə verir: "Sizə doğru yolu göstərmək üçün möcüzələr göndərməməsi, Allahın rəhmətindəndir. Halbuki siz, belə möcüzələrin göndərilə bilməyəcəyini sanırsınız. Sizə göndərilən möcüzənin rədd edilməsi, şübhəsiz ki, əzaba səbəb olar və buna görə hamınız həlak edilərsiniz. Səmud qövmü kimi açıq-aşkar möcüzələri rədd edən qövmlərin tamamilə həlak edildiyini tarixdən öyrənə bilərsiniz."

Buradan aydın olduğu kimi möcüzələr, peyğəmbərlərin Allahdan kömək gördüklərinin başa düşülməsi üçün bir dəlil və yenə inkar edənlərin qarşılaşacaqları əzabın fərqinə varmaları üçün bir xəbərdarlıqdır. Bir çox qövm, möcüzələri yalanlamaları üzündən ictimai şəkildə həlak olmuşdular. Allahın varlığına dəlalət edən ayələr, üç hissəyə ayrılır: Bir qisimi hər şeyi əhatə edər. Hər şeydə, Allahın bir ayəsi vardır ki, bu ayə Allahın varlığına dəlalət edər. Bu ayələrdən bir qisimi isə möcüzələr və kəramətlərdir. Möcüzələr arasında, müşriklər tərəfindən israr edən bir qisimi vardır ki, bunlara "ayatı muktaraha" deyilər. Bunlar göstərildiyi zaman, peyğəmbərlərə inanmayanlar Səmud qövmü kimi onları yer üzündən silən bir əzab ilə yox edilmişlər. 

Səmud qövmü peyğəmbərləri olan Salehdən möcüzə istəmişdirlər. Bunun müqabilində də Allah onlara öz qatından Quranda da dediyi kimi "Allahın simvolu”, "İmtahan vasitəsi” olaraq Dəvə möcüzəsini göndərmişdir.
"Səmuda qardaşları Salehi elçi göndərmişdik. Onlara demişdi ki; "Ey qövmüm! Allaha qulluq edin; sizin ondan başqa tanrınız yoxdur. Sizə Rəbbinizdən bir möcüzə də gəlmişdir. Allahın dişi dəvəsi, bu sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın; ona bir pislik toxundurmayın, yoxsa sizi ağrılı bir əzab tutar." [Ə'raf 7/73] 

"Bu bir dişi dəvədir” dedi. Su içmə haqqı bəlli bir gün ona, bir gün də sizə aiddir. Ona bir pislik etməkdən çəkinin! Əks halda sizi qorxunc bir günün əzabı yaxalayar. Buna rəğmən onlar, onu işgəncə ilə vəhşicə öldürdülər. Fəqət sonra peşman oldular; çünki onları məlum əzab yaxalamışdır. Əlbəttə mütləq bunda da, öyrəniləcək bir dərs vardır; fəqət insanların çoxu yenə də inanmayacaqlar.” [Şuara 155-158] 
Dəvə sadəcə bir simvoldur. Böyük bir su mədəniyyətinin qurucusu olan Səmud qövmünün imtahanı da su ilə gəlmişdir. Bəlli bir gündə sudan istifadə etmə haqqlarından əl çəkib bu haqqı dəvəyə verməli idilər. Rəvayətlərə görə onların su ehtiyacını həmin gün dəvə süd verərək ödəyirdi. Lakin önəmli olan bu deyil. Əsas məsələ iman etmək üçün bir möcüzə istəmələri, inkar etdikləri üçünsə onu əvvəlcə susuz buraxaraq sonradan öldürmələri bir qövmün həlakına səbəb oldu. Allah onlardan qeydsiz-şəksiz təslimiyyət istəyir onlara heç bir şərt qoşmur, imtahan da göndərmirdi. Özləri özlərini çətinliyə salaraq əvvəlcə bir möcüzə tələb etdilər. Möcüzə gəldikdə isə onunla bərabər bir imtahan da gəlmişdir. Bu zaman isə Allahın suyunu Allahın dəvəsinə rəva bilmədilər. Onunla paylaşmaq istəmədilər. Üsyan və inkarları o həddə çatdı ki, tamamilə insanlıq keyfiyyətlərini itirdilər. Bu isə əzabı qaçınılmaz etdi.
"Buna rəğmən, onu vəhşicə öldürdülər. Bunu üzərinə [Saleh] dedi ki: "Evlərinizdə kef çəkmək müddətiniz sadəcə üç gündür; məhz bu yalanlanması imkansız bir təhdiddir!” Qərarlaşdırdığımız vaxt gəlincə, Salehi və onun inancını paylaşan kimsələri Rəhmətimiz sayəsində qurtardıq..." [Hud, 65-66]

NƏTİCƏ

Qurani-Kərimdə adları zikr olunan digər peyğəmbərlər kimi Həzrəti Hud və Həzrəti Saleh peyğəmbərlərin qissələri bizə bir mesaj verir. Allaha şərik qoşanların aqibətləri bir-birinə bənzəyir. Bu şəriklik ictimai haldadırsa bəla da ictimai maştablı olacaq, fərdi haldadırsa o fərdin qiyaməti qopacaq. Amma ən böyük fəlakət ictimai müstəvidə olan fəlakətdir. Allaha şərik qoşduqlarımızı düşünək: Gün ərzində kimi daha çox zikir ediriksə o bizim tanrımızdır, bütümüzdür. O bütü biz könüllü olaraq qırmayacağıqsa Allah bir gün mütləq o bütü bizim başımıza yıxacaq. Allah bizi yalnız və yalnız "Ona ibadət etmək üçün yaradıb". Əks halı isə heç bir zaman bağışlamayacağını da bəyan edib. Bu gün biz Allahın bizə göndərdiyi hansı "simvola", hansı "möcüzəyə" üsyan edirik. Bu simvolun nə olduğunu anlamaq üçün yuxarıdakı ayələri bir daha oxuyaq, Quranıb bizə anlatdığı qissələri təffəkkür edək. İman etməyimiz üçün bizə də bir "dəvə" göndərilməyinə ehtiyac varmı? Yoxsa bizə iman etməyimiz üçün Səmud qövmünə göndərilən dəvə kifayətdir?

Təbii ki, bundan yalnız təffəkkür edə bilənlər bir nəticə çıxaracaqlar. Allah bizi öz lütfündən məhrum edərək düşüncəmizi əlimizdən almasın. Amin. 
Tarix təkrarlardan ibarətdir. Kimlərsə ondan ibrət alır, kimlərsə də o tarixi yenidən yaşayır. İbrət almağımız üçün Allahın bizə verdiyi mesajları oxuya bilməliyik...


[1][İbn Kəsir, Qisasul-ənbiya, I, 120]
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 321 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 104

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w