Все об исламе

Пятница, 19.04.2024, 21:41

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Январь » 19 » Səhifeyi-Səccadiyyə”dən dualar
18:48
Səhifeyi-Səccadiyyə”dən dualar

"Səhifeyi-Səccadiyyə”dən dualar
Ey həlledilməz işləri həll edən və əzabları yüngülləşdirən Allah!
Ey əzablardan yaxa qurtarmaq istənilən Allah!
Sənin qüdrətin ilə çətinliklər aradan qalxır və Sənin rəhmin ilə  işlər həyata keçir. Tale öz işlərini Sənin hökmün ilə həyata keçirir və hər şey Sənin hökmünlə baş verir. Dünyada hər şey Sənə tabedir və heç nə başqalarının əmrinə möhtac deyil. Sənin ixtiyarın olmadan heç bir iş baş vermir və bunun üçün başqa birinin qadağası tələb olunmur.
 Sən vacib işlərdə çağırılan və çətin anlarda sığınacaq axtarılan Allahsan. Heç bir fəlakət bizim başımızın üstündən keçməz, əgər Sən onu qovmasan və heç bir qüssə bizim qəlblərimizi tərk etməz, əgər Sən onu  əritməsən.
Ey mənim Allahım! Mən elə çətinliklər çəkirəm ki, ağırlığı məni əldən salır. Mən elə iztirablar çəkirəm ki, onlara tab gətirmək gücündə deyiləm. Bu əzab-əziyyətlər mənə Sənin hökmün ilə göndərilir. Heç kim Sənin göndərdiyini qaytara bilməz, Sənin bağladığın qapını aça, açdığın qapını isə bağlaya bilməz. Heç kim Sən iztirablara düçar etdiyin kəsin əzablarını yüngülləşdirə bilməz və heç kəs Sənin alçaldığın kəsi yüksəldə bilməz. Məhəmmədə və onun ailəsinə salam göndər!
Ey mənim Rəbbim! Öz hikmətin ilə rahatlıq qapılarını mənə aç və Öz qüdrətin ilə məndə qəm gücünü ram et, rəhm ilə mənim şikayətimə qulaq as və diləklərimin həyata keçməsi ləzzətini duymağı mənə bəxş et, Mənə Öz rəhmini və problemlərimin həllindən doğan sevinc yetir və qurtuluş qapılarını üzümə aç!
Öz qüssəmin səbəbindən məni Sənin vacib buyurduğun əməlləri yerinə yetirməməyə qoyma!
Ey mənim Rəbbim! Mənə göndərdiyin əzablar qarşısında acizəm. Səbr kasam payıma düşən qüssə ilə dolub aşır. Yalnız Sən bu qüssəni götürə və düşdüyüm fəlakəti məndən uzaqlaşdıra bilərsən. Buna layiq olmasam da məni əzablardan qurtar! Ey aləmlərin Rəbbi!

Şeytanın adı gələndə oxunan istək duası
  İlahi! Cənnətdən qovulmuş şeytanın cazibəsindən, məkr və yalanından Sənə pənah gətiririk. Onun çağırış və və`dlərinin, yalan və hiylələrinin qarşısında sadəlövhlükdən Sənə pənah gətiririk.  
    İlahi! Səndə nicat axtarırıq o gündən ki, şeytan bizi Sənə itaət etməkdən döndərməyə cəhd etsin və bizi alçaltmaq məqsədilə günah yoluna yönəltsin. O gündən ki, biz onun bəzədilmiş günahlarına  sevinəcək və onun pislədiyi ibadətə kədərlənəcəyik.
İlahi! Bizə Sənə itaət etməyə güc ver və bununla şeytanı bizdən uzaqlaşdır. Sənə olan sevgi yolunda bizim cəhdlərimizi möhkəmləndir və bununla şeytanı alçalt! Bizimlə onun arasında davamlı maneə qərar ver ki, şeytan ona üstün gələ bilməsin!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və şeytanı bizdən Sənin düşmənlərinə tərəf döndər. Bizi ondan qoru və onun məkrini bizdən uzaq et. Elə et ki, o, bizdən qaçsın və dünyamızda onun izləri qalmasın!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizi doğru yola hidayət et. Şeytanın düçar etmək istədiyi azğınlığın cavabında, Onun bizi haqq yolundan azdırmaq cəhdlərinin əvəzində bizə uzaqgörənlik nəsib et! Əgər o, bizi şər yoluna aparsa bizə xeyir yolunu göstər! 
İlahi! Bizə şərin, şeytanın bizim gözümüzdə bəzədilmiş doğru üzünü göstər, göstərəndən sonra isə bizləri bu şəri etməkdən qoru! Bizə onu necə aldada biləcəyimizi öyrət və bizə onunla hansı alətlə mübarizə aparmağını de! Bizi cahillik yuxusundan oyat ki, biz ona nəzər yetirək və bizi onunla mübarizədə dəstəklə!
İlahi!  Bizim qəlblərimizi onun işlərinə nifrət ilə doldur və bizə Öz rəhmini yetir ki, onun məkrli planlarını açıqlaya bilək!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və şeytanı bizim üstümüzdə hökmranlıq etməyə qoyma, onu bizdən mə`yus et və onu bizdən uzaqlaşdır!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizim ata-analarımızı, bizi və övladlarımızı, yaxın və doğmalarımızı, qonşularımızı, mö`min kişi və mö`min qadınlarımızı şeytanın şərindən qoru! Onlara möhkəm qalxan və iti  qılınclar ver!
İlahi! Bu duanı hər kəsə - Sənin hökmranlığına şahidlik edən, Sənin təkrarolunmazlığını səmimiyyətlə qəbul edən, Sənə itaət edən, şeytanla mübarizə aparan və bu mübarizədə Sənin himayədarlığını ilahi elmlərdə axtaran hər kəsə çatdır!
İlahi! Şeytanın dolaşdırdığı hər bir işi aydınlaşdır,  bağladığı  bütün qapıları aç, onun bütün pis niyyətlərini alt-üst et və bu niyyətlərin həyata keçməyinə mane ol!
İlahi! Onun ordusunu qır, hiyləsini alt-üst et, onun sığınacağını yerlə-yeksan et və onun burnunu yerə sürt.
İlahi! Bizi şeytana düşmən et və onun dostlarından uzaq et! Elə et ki, bizi aldatmaq istədiyi zaman onun sözünə baxmayaq, onun əmrlərinə tabe olmayaq və çağırışlarına cavab verməyək. Elə et ki, biz əmr edə bildiyimiz insanları şeytanla düşmənçilik etməyə çağıraq və qadağa etməyi bacardığımız insanlara ona tabe olmağı qadağan edək 
İlahi! Məhəmmədə - peyğəmbərlərin və Sənin elçilərinin ən axırıncısına və onun mə`sum ailəsinə salam göndər! Bizi, doğmalarımızı, qardaşlarımızı və bütün mömin kişi və qadınları Səndə nicat axtardığımız işlərdən qoru! Bizi Səndən xəbərdarlıq gözlədiyimiz işlərdən xəbərdar et!
Ey Rəbbim! Səndən duada istədiklərimizi həyata keçir, bizə unutduqlarımızı ver və yaddan çıxartdığımız şeyləri bizlər üçün qoru! Bizi mö`minlərin məqamına yüksəlt. Amin, ey aləmlərin Rəbbi!


Səhər və axşam oxunan istək duası
Həmd olsun Öz qüdrətindən gündüz ilə gecəni yaradıb onları bir-birindən ayıran və onlara sərhəd və zaman müəyyən edən Allaha! Öz müdrikliyi ilə O, ya gecəni qısaldıb gündüzləri uzadır, ya da gecəni uzadıb gündüzləri qısaldır ki, Öz bəndələrinə güc və inkişaf etmək imkanını versin. O, gecəni yaratdı ki, bəndələri əziyyət və zəhmətdən dincəlsinlər. O, gecəni bir örtüyə bənzətdi ki, onlar rahat yatsınlar, bədənləri istirahət etsin, güc yığıb həzz alsınlar. O, gündüzü yaratdı ki, bəndələri onun işığında bilik alsınlar, Onun ne`mətlərindən bəhrələnsinlər, onlara müəyyən edilmiş ruzini əldə etsinlər və Onun yaratdığı dünyada yola düşsünlər ki, bu fani dünyanın ne`mətlərindən dadıb o biri dünyada səadətə çatsınlar. O, onların işlərini səhmana salır və Öz bəndələrinin əməllərindən agahdır. Bəndələrinin Onun hökmlərinə itaət etmələri lazım olan anlarda necə olduqlarına, Onun vacib olan buyruqlarına necə əməl etdiklərinə baxır ki, zalımları cəzalandırsın, xeyirxahları isə mükafatlandırsın.
İlahi! Bizə sübhün nurunu göndərdiyin və gündüz işığından istifadə imkanını verdiyin, gündəlik ruzimizi əldə edə biləcəyimiz yerləri göstərdiyin və bizləri fəlakətdən xilas etdiyin üçün həmd olsun Sənə! Bizi əhatə edən hər şeylə birgə səhəri qarşıladıq və biz -  göylər, yerlər və onlarda olan yatmış, oyaq, hərəkət edən və etməyən, havada və yerdə olan hər şey Sənə tabeyik. Biz səhəri qarşıladıq və Sənin əmrindəyik, Sənin huzurundayıq. Sənin iradən bizi əhatə edib və hər bir gördüyümüz iş Sənin iradən ilə görülür. Hər bir halda Sənə itaət edirik. Bizdən ötrü Sən təyin etdiyin işlərdən başqa bir iş yoxdur. Bizdən ötrü Sən yetirdiyin ne`mətlərdən başqa ne`mət yoxdur. Bu oyanmış səhər və yeni açılmış gündür. Bu gün bizim əməllərimizə şahidlik edəcək. Əgər xeyir əməl etsək, o, bizi tə`rifləyərək vidalaşacaq, əgər pis əməl etsək, o, bizi danlayaraq vidalaşacaq.
İlahi! Məhəmmədə və onun Əhli-beytinə salam göndər və bizə bu günü layiqincə yaşamağa kömək et! Bu gün bizi kiçik və böyük günah etməkdən qoru!
İlahi! Bu gün bizə xeyir yetir və bizi şərdən qoru! Bu günün səhərini və axşamını şükr, həmd, mükafat, ne`mət və xeyirlərlə dolu et.
İlahi! Elə et ki, bizim əməllərimizi yazan mələklər pis əməlləri yazaraq əzab çəkməsinlər! Bizim əməl siyahılarımızı saleh əməllərlə doldur və bizi xeyirxah görünməyən əməllərimizlə mələklər qarşısında alçaltma.
İlahi! Günün saatlarından hər birində bizə Öz bəndələrinin vasitəsilə sevinc yetir! Mələklər göndər ki, bizim əməllərimizə şahidlik etsinlər və bizə Sənə şükr etmək imkanını ver!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizi hər tərəfdən qoru: öndən və arxadan, sağdan və soldan, elə qoru ki, biz günah etməyək, Sənə itaət yoluna düşək və hər şeyi Sənə olan sevgimizə xatir edək! 
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizə bu gün, bu gecə və hər gün xeyir əməl etməyə və şərdən yan qaçmağa kömək et, göndərdiyin ne`mətlərə şükr etmək, ən`ənələrə əməl etmək və bid`ətlərdən yan qaçmaq, xeyirə çağırmaq və şərdən çəkindirmək, İslamı qorumaq və bütpərəstliyi tənqid etmək, həqiqəti yüksəltmək və dəstəkləmək, azmışlara yol göstərmək, acizlərə kömək etmək və zülm olunanları xilas etmək üçün bizə yardımçı ol!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bu günləri bizə  yaşadığımız bütün günlərdən ən xeyirlisi, gördüyümüz həmsöhbətlərdən ən üstünü və keçirdiyimiz vaxtlardan ən yaxşısı qərar ver. Gündüzləri və gecələri yaşayan bütün bəndələrin içində bizi yetirdiyin ne`mətlərə görə ən şad və razı olanlardan et, Sənin buyruqlarına əməl edənlərin ən mətinlərindən və qorunmağa əmr etdiyin şeylərdən ən çox çəkinənlərdən et!
İlahi! Səni özümə şahid seçirəm və bu şahidlik yetərlidir. Bu gün və bu saat, bu gecə və bu yerdə mən Sənin səmanı və onun sakinlərini, Sənin torpağını və onun üzərində yaşayanları, Sənin mələklərini və xəlq etdiyin bütün məxluqatı özümə şahid seçirəm ki deyəm - Sən tək Allahsan və Səndən başqa Allah yoxdur. Ədaləti bərqərar edən, bütün münaqişələrdə hakim olan Sənsən, Öz bəndələrinlə rəhmli, dünyanı idarə edən və bütün varlıqlara rəhmansan!
Şəhadət verirəm ki, Məhəmməd Sənin qulun və elçin, bütün insanlardan Sənin seçdiyindir. Sən öz göstərişlərini insanlara çatdırmaq üçün onu göndərmisən. O, onları çatdırdı. Sən ona Öz xalqını hidayət etməyi əmr etdin. O, bunu etdi.
İlahi! Məhəmmədə və onun ailəsinə bəndələrinə göndərdiyin salamların ən böyüyündən göndər! Bizim adımızdan ona Öz bəndələrinə bəxş edə biləcəklərinin ən yaxşısını ver və Öz peyğəmbərlərinə onların xalqları adından əta edə biləcəyin ən böyük mükafat ilə onu mükafatlandır!
Sən böyük rəhmətlər göndərir, böyük günahları bağışlayırsan, Sən hər hansı mərhəmətlidən daha Rəhmansan. Elə isə Məhəmmədə və onun pak Əhli-beytinə - insanların ən yaxşıları və seçilmişlərinə salam göndər! 

Həyəcanlı və qüssəli olan zaman olunan istək duası
     Ey Rəbbim! Yalnız Sən tənha və aciz insana kömək etməyə qadirsən! İlahi, yalnız Sən qorxunc və vahimə yaradan hər bir şeydən bizləri qoruya bilərsən. Günahlarım tənhalığıma səbəb olub. Mənim nə dostum qalıb, nə də yoldaşım. Sənin qəzəbindən əldən düşmüşəm və heç kəs mənə kömək edə bilmir. Səninlə olan görüşümün vahiməsi məni bürüyüb və heç kim mənim qorxumu azaltmaq iqtidarında deyil.
    İlahi! Sən qəlbimə qorxu saldıqdan sonra kim məni sakitləşdirə bilər?! Sən məni tənhalığa məhkum etdikdən sonra kim mənə kömək edə bilər?! Sən mənim gücsüzlüyümü istədikdən sonra kim mənə güc verə bilər?! 
    İlahi! Yalnız Yaradan Öz yaratdığına sığınacaq verə bilər, yalnız qalib gələn məğlub olana təhlükəsizlik bəxş edə bilər və yalnız axtarışda olan qaçana kömək edə bilər.
    Ey Rəbbim! Bunların hamısı Sənin əlindədir və Sənin kürsündən başqa sığınacaq yoxdur. Məhəmmədə və onun ailəsinə salam göndər və indi, Sənə pənah gətirdiyim zaman mənə sığınacaq ver! Diləyimi indi, Sənə üz tutduğum zaman həyata keçir! 
    İlahi! Əgər Sən məndən üz döndərsən və yaxud Özünün böyük rəhmini və səxavətini məndən əksik etsən, mənə ruzi verməsən və ya Öz diqqətini məndən əsirgəsən, onda istəklərimə nail olmaq üçün Səndən başqa yolum qalmayacaq. 
Sənin Rəhmini qazanmaqdan ötrü Səndən başqa axtarmıram, çünki Sənin qulunam və Sənin əmrindəyəm. Başımdakı saçlar da ömrümün yüyəni kimi Sənin əlindədirlər.
    İlahi! Mənim üçün Sənin əmrindən başqa bir əmr yoxdur. Məni idarə edən Sənsən. Sənin mənə bəxş etdiyin hər şey ədalətin özüdür. Mən Sənin hökmündən çıxmaq iqtidarında deyiləm. Sənin hakimiyyətinin sərhədini aşa bilmərəm. Məni sevməyin və məndən razı qalmağın üçün hər şeyi etməliyəm. Sənə itaət etmədən və Sənin rəhmin olmadan Səndə olanları əldə edə bilmərəm. 
    İlahi! Mən gündüzləri və gecələri Sənin bədbəxt bəndən olaraq keçirirəm. Sənin köməyin olmadan mən öz xeyrimə və ziyanıma hakim ola bilmərəm. Buna şəhadət verir və öz gücsüzlüyümü boynuma alıram. Belə isə, İlahi mənə verdiyin və`di həyata keçir və mənə əta etdiyin hər şeyi kamil et, çünki mən Sənin biçarə, iztirab çəkən, aciz, alçalmış, yoxsul, yazıq və qorxu içində olan və Səndə sığınacaq axtaran bəndənəm. 
    İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və məni Sənin ne`mətlərinə şükr etməyi, yaxud Sənin səxavət və alicənablığına həmd etməyi unutmağa qoyma. Duamın həyata keçəcəyinə - hətta uzun müddətdən sonra belə, şadlıqda və qüssədə, rahatlıqda və dərddə, sağlamlıqda və ya xəstəlikdə, varlılıqda və ya yoxsulluqda, xeyir və ya pis halda olsam belə ümidimi itirməyə qoyma. 
    İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bütün hallarda Sənin möhtəşəmliyindən danışmağa, Sənə həmd və şükr etməyə kömək et ki, Sənin yetirdiyin dünya malına bağlanmayım və onun yoxluğunda qüssə etməyim. Sənə olan qorxumu qəlbimin me`yarına çevir və vücuduma Sənin təqdir etdiyin bir əməl ver! Mənim diqqətimi başıma gələn hadisələrdən çəkib Sənə ibadətə yönəlt ki, Səni qəzəbləndirən şeyləri sevməyim və təqdir etdiyin bir şeyə qəzəblənməyim.  
    Ey Rəbbim! Məhəmmədə və onun ailəsinə salam göndər və qəlbimi Sənin sevgindən başqa hər bir şeyin sevgisindən azad et. Daim Səni  xatırlamağa mənə kömək et, Allah qorxusu ilə məni möhkəmləndir, könlümü Sənə olan sevgi ilə doldur, məni Sənə itaət etməyə yönəlt, Sənə daha xoş gələn yolunu mənə tanıt və elə et ki, mən nə qədər ki, sağam Səndə olan şeylərə can atım!  
İlahi! Elə et, gözəl əxlaq məni bu dünyada müşayiət etsin, mənim bu səyahətimin məqsədi Sənin rəhmətini və razılığını əldə etmək, məkanım isə Cənnətin olsun! Çiyinlərimdə Sənin razılığının yükünü daşımaq və qaçdığım kimsələrdən Səndə sığınacaq axtarmaq üçün mənə güc ver. Qoy Sənin istəklərin mənim arzularım olsun! Qəlbimə məkrli insanlardan qorxu hissini sal, Məni Öz dostluğuna, dostlarının və sadiq bəndələrinin dostluğuna layiq bil.
İlahi! Məni günahkarlar və kafirlər qarşısında borclu olmağa və yaxud onlara qulluq göstərməyə qoyma! İmkan vermə ki, onlara ehtiyacım olsun! Qoy mənim qəlb rahatlığım, salamatçılığım və rifahım yalnız Səndən və Sənin saleh bəndələrindən asılı olsun!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və məni  onların sirdaşı və köməkçisi qərar ver! Mənə rəhm et və qəlbimə Sənə tərəf ehtirasla meyl etməyi aşıla. Mənə sevdiyin və Səni şad edən əməllər göndər, çünki hər şeyin hakimi Sənsən!


Günahların bağışlanması üçün oxunan istək duası
    Ey günahkarların ümidlə əfv dilədikləri Allah! Ey qarşısında günahkarların nalə çəkib ağladığı Allah! Ey zülm olunanların və doğmalarından uzaq düşənlərin dostu və həmsöhbəti! Ey qəmginlərə  və incidilənlərə təskinlik verən! Ey alçaldılmışların və tənhaların hamisi! Ey ehtiyaclıların və hamının üz döndərdiyi kimsələrin yardımçısı!
Sənin rəhmin və Sənin müdrikliyin ətrafda olan hər şeyə hakimdir. Sən xəlq etdiklərinin hər birinə Öz rəhmətini bəxş etdin! Sənin əfvin cəzandan çoxdur. Sənin mərhəmətin qəzəbindən üstündür. Sənin nemətlərin Sənin qadağalarından çoxdur. Bütün yaratdıqların Sənin qüdrətin dairəsindədir. Kiməsə mərhəmət göstərəndə Sən ondan mükafat gözləmirsən. Günahkarı cəzalandırarkən Sən ifrata varmırsan.
Ey mənim Rəbbim! Mən Sənin qulunam. Sənə dua etməsini əmr etdiyin və öz günahlarında peşiman olan qulun. O deyir: «Sənə itaət edirəm!» Bu mənəm, Allahım! Sənin qarşında çiyinlərimdə günahlarımın ağırlığını hiss edərək dayanmışam. Günahlar həyatımı məhv etdi, cahilliyim üzündən Sənə qarşı çıxdım, hərçənd ki, Sənə müxalif olmağıma layiq deyildin.
Allahım, Sənə dua edənə rəhm edəcəksənmi ki, mən dualarımda canımı qoyum? Allahım, qarşında göz yaşı tökəni əhv edəcəksənmi ki, mən toxtamadan ağlayım? Sənin qarşında əyilib səcdəyə düşən kəsin günahlarından keçəcəksənmi, ya Rəbbim? Səni özünə arxa seçən, öz acizliyindən şikayət edən kimsəyə kömək edərsənmi, Allahım?
İlahi! Səndən başqa digər rəhmət təcəssümü bilməyən kəsi mə`yus etmə! Yalnız Səndən kömək diləyən kəsi tərk eləmə!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və Sənə üz tutduğum zaman məndən üz döndərmə, ümidimi kəsmə ki, öz qəlbimi Sənə vermişəm!
Sən Özünü Rəhim adlandırırsan. Belə olanda, Məhəmmədə və onun ailəsinə salam göndər və mənə rəhm et! Sən Özünü Rəhman adlandırırsan. Elə isə mənin günahlarımı bağışla!
İlahi! Sənin qorxundan göz yaşlarımın necə axdığını, ürəyimin əsdiyini, Sənin qüdrətin qarşısında bədənimin necə əzgin olduğunu görürsən. Başqa cür ola da bilməz, çünki mən öz pis əməllərimdən utanıram və Səninlə sakit və rahat danışa bilmirəm.
Həmd olsun Sənə, ey Rəbbim! Sən çox nöqsanımı gizlətdin və məni rüsvay etmədin. Sən çox günahımı aşkar etmədin və məni şəhərdə gülüş hədəfi etmədin. Mənim səhvlərimi açıqlamadın, adımı rüsvay etmədin və mənim çatışmamazlıqlarımı qonşulardan, düşmənlərimdən və mənə ne`mətlər əta etdiyinə görə paxıllıq edənlərdən gizlətdin. Bunların hamısı Sənin agah olduğun günahlarımda peşman olmağa mənə mane olmadı.
Xoşbəxtliyimdən qafil olduğum halda kim məndən daha cahil ola bilər? Kim öz taleyindən məndən də xəbərsiz ola bilər? Məni qoruduğun günah xatirinə saysız-hesabsız ne`mətlərini məhv etdiyim halda kim mənim qədər öz nəfsini düzəltməkdən uzaq ola bilər? Kim məndən çox şərin bataqlığında batıb? Sənin çağırışınla və şeytanın vəsvəsəsi arasında cahillik və unutqanlıq üzündən deyil, bilərəkdən şeytanın yolunu seçdi? Axı mən bilirdim ki, Sənin çağırışın məni cənnətə aparcaq, şeytanın vəsvəsəsi isə cəhənnəm oduna düçar edəcək.
 Sən pak və münəzzəhsən! Təəcüblüdür ki, mən özümə qarşı şahidlik edirəm və öz gizlin əməllərimi sadalayıram. Lakin ən təəcüblüsü Sənin mənə qarşı olan səbrin və Sənin özümə ünvanlanan ittihamıma olan diqqətindir.
Buna səbəb Sənin gözündə ləyaqətli olmağım deyil, Sənin mənə olan rəhmindir. Bəlkə, mən Səni qəzəbləndirən əməllərimdən əl çəkəm və məni məhv edən günahlardan çəkinəm, çünki Sən bağışlamağı cəzalandırmaqdan üstün bilirsən.
Ey mənim Rəbbim! Günahlarım çoxdur, əməllərim xoşniyyətli deyil. Günah işlətməkdə cəsarətli, Sənə itaətdə isə cahiləm  və Sənin xəbərdarlıqlarından qafiləm. Axı mən necə öz çatışmamazlıqlarımı saya və günahlarımı yada sala bilərəm?
Ey Rəbbim! Əgər mən özümü danlayıramsa, bunu Sənin rəhmini qazanmaq məqsədi ilə edirəm, çünki günahkarın halının dəyişməsi məhz bundan asılıdır. Sənin rəhmətinə ümid edirəm, çünki o yol günahkarların azad olunma yoludur.
Ey mənim Rəbbim! Boynum günahlarımın ağırlığından zəifləyib. Məhəmmədə və onun ailəsinə salam göndər və bu salamı Öz bağışlamağın ilə möhkəmləndir! Belim günahlarımın ağırlığından bükülüb. Məhəmmədə və onun ailəsinə salam göndər və Öz rəhmin ilə çiynimdən bu yükü götür!
İlahi! Əgər bütün kipriklərim tökülənədək ağlasam, səsim batana kimi nalə çəksəm, hüzurunda ayaqlarım şişənə kimi dayansam, belimi onurğa sütunum sınana kimi rukuda büksəm, gözlərim oyuqlarından çıxana qədər başımı səcdəyə döysəm, həyatım boyu torpaqla qidalanıb bulanıq su içsəm və bunlarla yanaşı dilim lal olana qədər Sənə şükr etsəm və utandığımdan gözlərimi  göyə qaldırmağa cəsarət etməsəm belə mənim əməl kitabımdan bir günahımı belə silməyinə layiq olmaram. Əgər Sən məni layiq olduğu anda bağışlasan, mənim bunda rolum olmayacaq, Sənə itaətsizlik etdiyim ilk andan e`tibarən mənim cəzam  cəhənnəm odu idi, odur ki, məni cəzalandırsan, yenə də ədalətsizlik etmiş olmazsan.
Ey mənim Rəbbim! İndi ki, Sən mənim günahlarımı gizlətdin və məni rüsvay etmədin, mənə rəhm göstərdin və məni qınamağa tələsmədin, mənə səbr göstərdin və mənə olan ne`mətlərinin saflığını bulandırmadın, mənim biçarəliyimə göz yaşlarımın xatirinə rəhm et!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər, məni günahlardan qoru və Sənə itaətə sövq et! Mənə peşmançılıq hissini aşıla və tövbə suyu ilə məni paklaşdır, günahlarıma qayıtmamağa kömək et və mənə şəfa ver! Mənə bağışlanma ləzzətini hiss etməyi əta et və Öz rəhmini mənə yetir! Məni Öz qəzəbindən xilas et və məni o biri dünyaya köçməzdən əvvəl bu dünyanın ne`mətlərinin müjdəsi ilə sevindir! Mənə bu xəbəri eşitməyə kömək et və onun əlamətlərini göstər!
Ey mənim Rəbbim! Bunların hamısı Sənə görə çətin deyil, çünki Sən qüdrətli və səbrlisən. Bunların hamısı Sənə çətin deyil, çünki Sən rəhmli və səxavətlisən. Sənin Kitabının ayələri buna şəhadət edir. Sən istədiyini edir və istədiyin əmri verirsən. Həqiqətən də, Sən  hər şeyə qadirsən!

Xəstə və bədbəxt olan zaman olunan istək duası
     Həmd olsun Sənə, hələ də sahib olduğum cüz`i sağlamlığa görə! Həmd olsun Sənə, yetirdiyin xəstəliyə görə! 
Ey Rəbbim! Bilmirəm ki, bu iki vəziyyətin hansı daha tərifə layiqdir və onların hansına ilk növbədə təşəkkür etmək lazımdır: həmin sağlam günlərimə görə ki, Səni razılığını qazanım deyə mənə ne`mətlər və ruzilər yetirirdin və əməyə çağırırdın, Sənin göstərişlərinə əməl etməyə kömək edib mənə güc verirdin, yoxsa məni sınadığın bu xəstəliyə görə ki, çiyinlərimdə yük olan günahlarımın ağırlığını yüngülləşdirmək üçün, tövbəni mənə xatırlatmaq üçün və Sənə həmd etməklə günahlarımı yumaq üçün mənə rəhmət olaraq göndərmisən. 
Ey Rəbbim! Bu halımda o iki mələk tərəfindən mənim əməl dəftərimə yazılan çoxlu xeyir işlər var. O işlər ki, onları icra edərkən əql fikirləşmirdi, dil danışmırdı və bədən zəhmət çəkmirdi. Bütün bunlar - Sənin mənə olan rəhmin və səxavətin, Sənin alicənablığın və mənə bəxş etdiyin ne`mətlərdir.
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və qəlb evimi mənə rəva bildiyin şeylərlə zinətləndir! Mənim üçün yazdıqlarını yüngülləşdir! Məni əvvəllər etdiyim günah və şərdən təmizlə və mənə şəfa tapmağın şirinliyini və sərinliyini dadmağa imkan ver! İndi, Sən mənə şəfa verərkən Öz əfvini də mənə əta et və günahlarımdan keçərək məni yatağımdan qaldır! Qoy əzab və qəm-qüssəmi Sənin rəhmətin müşaiyət etsin, Özünə doğru yol açaraq məni bu ağrıdan qurtar! Sən insanlara rəhm edirsən və onlara Özünün saysız-hesabsız ne`mətlərini yetirirsən! Sən Rəhmli, Rəhman, hər şeyə qadir və böyüksən.

Ruzi əldə etmək çətin olanda olunan istək duası

    İlahi! Sən bizi sınağa çəkdin və biz öz ruzi və var-dövlətimizin miqdarı haqqında şübhəyə düşdük və həyatımız boyu bir çox şeylər arzuladıq. Sonra ruzi üçün Sən ruzi verdiyin başqa insanlara ağız açdıq və uzun ömür həsrətində olduq. 
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizim ruzi tapmaq üçün etdiyimiz cəhdlərin kifayət olduğuna bizdə inam yarat! Bizə bizləri əziyyətli işlərdən azad edə bilən səmimi əminlik ver!
İlahi! Öz vəhyində peyğəmbərə verdiyin (salamın olsun ona və onun ailəsinə) və Qur`anda and içdiyin vədə əməl et, bu və`di verməklə Sən bizim diqqətimizi ruzi əldə etməkdən yayındırmaq üçün ruzimizi yetirməyi Öz üzərinə götürübsən.
İlahi! Sən dedin: «Göydə də ruziniz və sizə və`d olunan şey vardır (bu həyatda)» (Zariyat surəsi,  ayə 22), sonra and verirsən ki: «Göyün və yerin Rəbbinə and olsun ki, bu sizin danışığınız kimi həqiqətdir» (Zariyat surəsi, ayə 23).
Ey Rəbbim! Sənin sözlərin bütün sözlərdən ən doğru olanıdır, Sənin andın isə bütün andlardan ən həqiqisi və kamilidir!
Категория: Дуа | Просмотров: 812 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w