"Həzrəti Peyğəmbər ilk vəhyi aldığı zaman "küçəyə” deyil "evə” getdi. Çünkü ev "Haradan başlamalı?!” sualının ən doğru cavabı idi. Həzrəti Peyğəmbər də oradan başladı.”
Qurani Kərim bizə ailə modeli olaraq iki nümunə təqdim edir: İbrahimin ailəsi və İmranın ailəsi. Ali İmran surəsinin 33-cü ayəsində "Şübhə yoxdur ki, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini seçərək üstün qıldı” deyilir. İmranın ailəsi zövcəsi Hannə, qızı Həzrəti Məryəm və nəvəsi Həzrəti İsadır [Bu barədə daha geniş məlumat Həzrəti İsa bölümündə veriləcək].
İbrahim ailəsi isə; birbaşa birinci zövcəsi Sara, ikinci zövcəsi Həcər və ondan olan ilk oğlu İsmayıl, Saradan doğulan İshaq və nəvəsi Yəqub, dolayı yolla isə onlardan sonra gəlmiş olan peyğəmbərlər nəsli də ola bilər ki, soy-kök olaraq hər biri İbrahimin nəslindəndir. İbrahim ailəsi sadəcə tarixdə yaşamış bir peyğəmbərin hekayəsi deyil, insanlığı həccə dəvət edən, həcc ibadətləri zamanı yenidən yaşanan, xatırlanan, örnək alınan, təslimiyyətin zirvəsi olan bir misaldır. Bir ata necə olmalıdır, bir ana necə olmalıdır, bir oğul necə olmalıdır mesajıdır. Həcərin əsl adı məlum deyil, amma əməli, təslimiyyəti, hekayəsi məlumdur. Onu Həcər edən də bu təslimiyyəti olub... Həcər hicrətin gəlinidir, İsmayıl hicrətin körpəsi, İbrahim Rəbbinə hicrət edən mühacir. Onların hekayəsi bir ailə dramı deyil, bir təslimiyyət simvoludur. "Aləmlərin Rəbbinə təslim oldum” deməyin dəlilidir. Bir qul bunu deyərkən; hicrət yolçuluğuna "Mən Rəbbimə hicrət edirəm” deyə başlayar, atəşə gedərkən Rəbbindən ümid kəsmədən "Rəbbim! Mənə fəzilətli bir [övlad] bağışla!” deyərək dua edər, Rəbbi ondan qurban tələbində olarkən isə düşünmədən Onun istəyinə təslim olar.
Həzrəti İsmayıl
Həzrəti İsmayılın adı Qurani-Kərimin səkkiz surəsində on iki yerdə keçir. Bir də adı çəkilmədən Saffat surəsində İbrahimin duası üzrə verilən müjdə və qurbanlıq hekayəsi anladılır. Doğrudur bu qissə olduqca mübahisəlidir, adı zikr olunmayan övladın Həzrəti İsmayılınmı, yoxsa Həzrəti İshaqınmı olması barədə fərqli rəvayətlər mövcuddur. Əhli kitaba görə bu uşaq Həzrəti İshaqdır. İslam alimlərinin çoxunun qənaətinə görə isə bu uşaq Həzrəti İsmayıldır. İslam qaynaqlarının bəzilərində də bu uşağın İshaq olması barədə bəzi hədislərə rast gəlinir, amma qeyd edək ki, bu hədislər zəifdir və Həzrəti Ömərin xəlifəliyi dövründə İslamı qəbul edən yəhudu mənşəli Qabul Ahbardan gələn rəvayətlərə istinadən söylənilmişdir. Bundan başqa Buxarinin "Səhih”ində, Əhməd ibn Hanbəlin "Musnəd”ində Məkkəyə gedən uşağın Həzrəti İsmayıl olması barədə hədislər var.
Ən əsası isə "Saffat” surəsinin ayələrinə bir daha diqqətlə baxmaq kifayətdir. "Və [İbrahim], "Mən Rəbbimə [qulluq edəcəyim yerə] gedəcəyəm, O mənə yol göstərəcək” deyərək [belə dua etdi]: "Rəbbim! Mənə fəzilətli və əməlisaleh bir [övlad] bağışla!” Bundan sonra Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. O uşaq yetkinlik yaşına çatınca [İbrahim] belə dedi: Oğlum! Yuxuda səni qurban edərkən görürəm; bax gör, sən bu barədə nə düşünürsən?” [Saffat, 99-100] Ayələrdən də aydın olduğu kimi Həzrəti İbrahim övladının yetkinlik yaşına çatarkən qurban imtahanı ilə sınanmışdır. Halbuki Hud surəsi 71-ci ayədə İshaqın müjdəsi verilərkən onun oğlu olacaq Yəqubun da müjdəsi onunla birlikdə verilir. Əgər qurbanlıq uşaq Həzrəti İshaqdırsa o zaman Yəqub haqqında verilən müjdə xəbəri öz funksiyasını itirmiş olardı. Yəni ya bu zaman İbrahim Yəqubun doğulacını bilərək röyasını gerçək sanmaz və övladını qurban vermək haqqında düşünməzdi, ya da ki, röyanı həqiqət sayaraq Yəqubun doğulacağı müjdəsini gerçək saymazdı. Yəni bu təzadlı bir yanaşma olardı.
Ayədə uşağın yaşının dəqiq verilməsə də onun gənc yaşda olmasına dair bir işarə var. Bu uşaq inancını və hədəfini bəlli edəcək bir yaşda idi. Ayədə bir də röya məsələsi var. Bu, açıq bir vəhy deyil, əmr deyil, sadəcə bir işarədir. Tabe olmaq və boyun əymək üçün İbrahimə bu kifayət idi. Sual vermədən, "niyə?", "nə üçün?" demədən təslim olmaq. İbrahim qissəsində anlatdığımız kimi bilirik ki, o xoş xasiyyət və həlim qəlbli biri idi. Mələklərin Lut qövmünü dağıtmaq üçün göndərildiyini öyrənincə çox üzülmüş və onları bundan vaz keçirmək istəmişdir. [Hud, 69] Lakin Rəbbinin ona yuxuda övladını qurban kəsməsini göstərməsi halında həmən bunu icra etmək istəmiş və oğluna niyyətini açıqca söyləmişdir. Həm bu həqiqətlə üz-üzə qalan oğlunun məlum hadisəyə verəcəyi reaksiya ilə İbrahim bir ata olaraq sınanmış, həm də ki, bu xəbəri alan İsmayıl bir qul olaraq sınanmışdır. "...[Oğul] Ata! "Sənə əmr ediləni et; inşallah məni səbr edənlərdən görəcəksən, dedi. Nəticədə ikisi də Allaha təslimiyyətlərinin bir gərəyi olaraq [vardıqları nəticəyə] uydular və [atası] onu üzü üstə yatırarkən, Biz ona "Ey İbrahim!” deyə səsləndik: "Artıq röyanı həyata keçirdin!...” [Saffat, 102, 105]
İbrahim həqiqətən də röyasını gerçəkləşdirmişdir. Çünki o yuxuda övladını "qurban edərkən” deyil, "qurban etməyə hazırlaşarkən” görmüşdü. Və məqsəd də oğlunu qurban etməsi deyil, Allaha təslimiyyətinin sınanması idi. Bu imtahandan hər ikisi alnıaçıq, üzüağ çıxmışdılar. Ayədə Həzrəti Həcərin sınanmasından söz getməsə də bir ana olaraq o da sınanmışdı. İsmayıl onun da övladı idi. Və o ailə bizə bir örnək olaraq təqdim edilir. "Ey qulum! Sən də beləcə təslim ola biləcəksənmi?” Ayədə Həzrəti İsmayılın adı çəkilməsə də onun əsas xüsusiyyətləri barədə danışılır. "Ona həlim xasiyyətli bir övlad verdik”, "Məni səbr edənlərdən görəcəksən”... Quranın başqa ayələrin də də İsmayıl bu xasiyyətləri ilə zikr olunur. Ənbiya surəsi 85‐də "səbr edənlərdən” biri olaraq adı çəkilən üç peyğəmbərdən biridir. Sad surəsi 48‐də isə "ən xeyirli olanlardan". Həzrəti İshaqın keyfiyyətləri sayılarkən isə "saleh” [Saffat 112], "alim” [Hicr, 53] deyə, zikr olunur. Bu da bir dəlil olaraq qəbul oluna bilər. Təbii ki, doğrusunu Allah bilir.
Bayaq yuxarıda da qeyd etdik ki, Məkkəyə gətirilən uşağın Həzrəti İsmayıl olması barəsində hədislər mövcuddur. Quranın Bəqərə surəsindəki ayəsi də bunu təsdiqləyir. Kəbəni yenidən inşa edərkən Həzrəti İbrahimin yanında Həzrəti İsmayıl var idi və onlar birlikdə dua etmişdilər. "İbrahim, İsmayılla birlikdə Kəbənin təməllərini yüksəldərkən belə dua etmişdilər: "Rəbbimiz! Bunu bizdən qəbul et! Bütün duaları eşidən yalnız Sənsən; və könüllərdəkini də bilən yalnız Sənsən!” [Bəqərə, 127] Qurbanlıq hadisəsinin də Məkkə ərazisində olması barəsində İslami qaynaqlarda ittifaq var və İshaqın nə zamansa bu ərazilərə gəlməsi barəsində əlimizdə heç bir dəlil yoxdur. Həcc ayinləri yerinə yetirilərkən də məhz İbrahim, İsmayıl və Həcər birlikdə anılır və simvollar icra olunarkən onlar bir daha xatırlanır: Səfa ilə Mərva arasındakı qaçış Həzrəti Həcərin təslimiyyət simvolu, Qurbanlıq İsmayılın simvolu, Zəm-zəm onların təslimiyyətinə əvəz olaraq Rəbbimizin bir lütfü, Həcc İbrahimin dəvətinə uyanların İbrahimi örnək almaq istəmələrinin bir simvoludur.