Все об исламе

Воскресенье, 29.12.2024, 17:54

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18 » İMAM HÜSEYN [Ə] və MÜSƏLMANLARIN VİCDAN OYANIŞI
12:41
İMAM HÜSEYN [Ə] və MÜSƏLMANLARIN VİCDAN OYANIŞI
İslam tarixində ümmətin vicdanını oyadan, mədəniyyətini əks etdirən bir sıra siyasi və ictimai hadisələr olmuşdur ki, əhəmiyyəti baxımından o tarixi günləri "Allahın günləri” hesab etmək olar. 
Allah-Təala buyurur:

وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُم بِأَيَّامِ اللَّهِ إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ.

"Biz Musaya: "Tayfanı [İsrail oğullarını] zülmətdən nura çıxart və Allahın [vaxtilə onlara nemət verdiyi] günlərini xatırlat. Bunda çox səbr və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!” [deyib] onu möcüzələrimizlə [peyğəmbər] göndərdik.” [İbrahim, 5]

Bu ayədə بِأَيَّامِ اللَّهِ Allahın günləri ifadəsi işlənmişdir. Baxmayaraq ki, Allah-Təala Musa peyğəmbərə öz qövmünə onların tarixində baş vermiş önəmli hadisələri, Allah tərəfindən onlara verilən nemətləri, Fironun və qoşunlarının üzərində qələbəni xatırlatmağı əmr edir, lakin bir qrup təfsir alimlərinə görə Allahın günlərindəki məna daha əhatəlidir. Bəşər və ya hər hansı bir cəmiyyətin tarixi gedişatında baş verən önəmli hadisə Allahın günlərindən hesab olunur ki, o hadisələrdə ibrət dolu, öyüd-nəsihət xarakterli dərslər mövcuddur. Hətta müxtəlif xalqlar və cəmiyyətlər o hadisələrdən çox şeylər öyrənir. Peyğəmbər [s] buyurub: "Allahın günləri Onun nemətləri və bəlalarıdır” [1]

Əmirəl-möminin Əlidən [ə] nəql olunan hədisdə isə belə deyilir: "Peyğəmbər [s] bizim üçün xütbə edər və Allahın günlərini bizə xatırladardı” [2]

Həmin tarixi günlər silsiləsindən, özündə əks etdirdiyi dəyərlərə, ibrətlərə və taleyüklü hadisələrə münasibətdəki roluna görə Aşuranı sözün həqiqi mənasında Allahın günlərdən saymaq olar.
Peyğəmbərin [s] hadisədən xəbər tutması, Əhli-Beytini [ə], ailəsini və səhabələrini hadisə baş verməmişdən yarım əsr qabaq xəbərdar etməsi o hadisənin əhəmiyyətli olmasına dəlalət edirdi.
İmam Əhməd ibn Hənbəl "Müsnəd” adlı əsərinin 648 nömrəli hədisində Abdullah ibn Nəciydən, o da atasından belə nəql edir: "Bir gün onun atası Əbu Əbdillah İmam Əli [ə] ilə Sıffinə tərəf yol gedirdi. Neynəvey yoluna çatanda İmam Əli [ə] ona: "Ey Əba Əbdillah, bir az dayan, səbr et!”-dedi. O isə: "Nə olub?” İmam Əli [ə] ona belə buyurdu: "Bir gün Peyğəmbərin [s] yanına daxil oldum və onun ağladığını gördüm. Soruşdum ki: "Ey Allahın peyğəmbəri, niyə ağlayırsan? O isə cavabında dedi: "İndicə Cəbrail [ə] yanımda idi. Mənə xəbər verdi ki, oğlum Hüseyn Fərat tərəfdə öldürüləcəkdir. Sonra isə mənə onun şəhid olacağı torpaqdan bir hissəsini göstərib verdi. Mən özümü saxlaya bilməyib göz yaşları tökdüm”[3].

İslam ümmətinin tarixində baş vermiş ən mühüm hadisə kimi Aşuranın iki önəmli tərəfi vardır:
1. İmam Hüseynin [ə], əhli-beytinin və silahdaşlarının dözümlülükdə, mərdlik və şücaətdə tutduqları mövqe və nümunəvi addımlar, həmçinin, İslam dəyərlərinin qorunması, zülmün, fəsadın, azğınlığın qarşısının alınmasında göstərdikləri şücaət Aşura hadisənin yüksək və önəmli tərəflərini bizim üçün açır.
2. Əhli-Beytə [ə] qarşı törədilən faciəvi zülm, onların Allah tərəfindən qorunan məqamı və hörmətinin tapdalanması Aşura hadisəsindən bizə açıq-aydın aşkar olur.
İmam Hüseyn [ə] sıradan bir şəxs deyildi. Onun şəxsiyyəti, məqamı və mövqeyi bütün müsəlmanlara məlum idi. Peyğəmbərin [s] onu nə qədər sevməsi, onun barəsində söylədikləri hədislər hamıya bəlli idi.

Bir gün Peyğəmbər [s] səhabələrinə üzünü tutaraq onlara belə söyləyir: "Həsən və Hüseyn dünyanın iki reyhanıdır” [4]. Buxari özünün "Səhih” adlı əsərində mühacirlər bölümündə İbn Abbasın bu hədisi Peyğəmbərdən [s] eşitdiyini nəql edir: "Onların ikisi də dünyanın reyhanıdır” [5].
Başqa bir mənbəyə görə isə Peyğəmbər [s] onlar haqqında belə buyurmuşdur: "Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdır. Ataları isə onlardan daha üstündür” [6].
Tirmizi, Əhməd ibn Hənbəl, İbn Əbi Şeybə, Hakim ["Müstədrək” əsərində], Buxari ["Ədəb” fəslində] Yəla ibn Mərrədən belə nəql edirlər. Peyğəmbər [s] buyurmuşdur: "Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevəni Allah sevər” [7].

Səhabələrin və möminlərin analarının Peyğəmbərdən [s] nəql etdikləri hədislər İmam Hüseynin [ə] babası tərəfindən necə sevildiyinə, onun başına gətiriləcək müsibətlərə tam aydınlığı ilə toxunur. Hələ hadisə baş verməzdən yarım əsr öncə Peyğəmbər [s] Aşura hadisəsindən söz açar və göz yaşları tökərdi. Ümmətin belə faciəli hadisəyə laqeyd münasibət bildirməməsi üçün tez-tez hadisəni onlara xatırladardı. Ona görə də biz müsəlmanlar Peyğəmbərin [s] ürəyini ağrıtmış və göz yaşlarına səbəb olmuş hadisəni xatırlayır və onu qeyd edirik.

İmam Hüseyn [ə] qəlbləri fəth edir

İmam Hüseynin [ə] həyat tərzi ilə yaxından tanış olan və onun başına gələn müsibətlərdən xəbəri olan hər bir kəs baş verənlərdən narahat olur və onun vicdanı oyanır. Əlbəttə, bunun da bir neçə səbəbləri vardır:
Birincisi: Səhabələrin İmam Hüseyn [ə] barəsində Peyğəmbərdən [s] eşitdikləri hədislərdir ki, onun fəzilətinə, məqamına, ümməti tərəfindən başına gələcək müsibətli hadisələrə toxunur. Peyğəmbərin [s]: "Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevəni Allah sevər”-deməsi, onun özünün bir parçası hesab etməsi, onu sevməyi Allahın sevməyinin göstəricisi olması qeyd etməsi qəlbləri fəth edən əsas səbəblərdən biridir. Ona görə də səhabələrin İmam Hüseyni [ə] sevməsi, onun məqamını təqdir etməsi bir çox tarixi mənbələrdə də yer almışdır.
İbn Kəsirin öz kitabında qeyd etdiyinə görə, İmam Həsən və İmam Hüseyn Kəbəni təvaf edən zaman müsəlmanlar izdiham yaradaraq onların ətrafında cəm olurdu [8].

İmam Həsən və İmam Hüseyn həccə piyada gedərdilər. Onların yanından ötüb keçmək istəyən hər bir atlı miniyindən düşüb onlarla bərabər yol gedərdi. Lakin bu həccə gedənlər üçün çətinlik yaradırdı. Onların çoxunun piyadə getməyə taqətləri olmadığından imamları da atlı olaraq keçməyi özlərinə yaraşdırmırdılar. Nəhayət, onlar bu məsələni səhabələrin böyükləri ilə danışırlar. Belə təklif olunur ki, imam Həsən və Hüseynə həcc üçün minik verilsin, əgər qəbul etməsələr, onda özlərinə başqa yolu seçsinlər. Bu təklif imamlara gəlib çatanda onlar belə cavab verirlər: "Bizim miniyə ehtiyacımız yoxdur, amma özümüz üçün başqa yol seçərik” [9].

Başqa bir tarixi mənbəyə görə, İmam Həsən və İmam Hüseyn səfərə çıxanda Abdullah ibn Abbas onların miniklərini və əşyalarını hazırlayar və onları yola salardı. Bir dəfə İbn Abbasdan: "Sən onlardan yaşca böyüksən. Bu etdiklərin nədir?”-deyə soruşurlar. İbn Abbas həmin adama belə bir sual verdiyinə görə acığı tutur. Lakin onu cavabsız qoymayıb deyir: "Ey filankəs, sən bilirsən bunlar kimdir? Bunlar Peyğəmbərin [s] balalarıdır. Məgər mənim onların xidmətimdə durmağım Allahın mənə verdiyi nemətlərdən deyilmi?!” [10] 

Tarixi mənbələrin birində Əbu Hüreyrənin İmam Hüseynə olan münasibəti belə nəql olunur. Əbu Məhzəm deyir: "Bir qadının cənazəsini aparırdıq. Əbu Hüreyrə də bizimlə idi. Digər bir kişinin cənazəsi də gətirildi. Cənazələri bir yerə qoyandan sonra Əbu Hüreyrə onlara meyit namaz qıldı. Geri qayıdanda Hüseyni yolda gördük. Əbu Hüreyrə ona yaxınlaşıb paltarının ətəyi ilə onun ayaqlarının tozunu silir. İmam Hüseyn ona deyir: "Ey Əbu Hüreyrə, niyə belə edirsən? [Axı, bu nə mənə, nə də sənə yaraşmaz!]” Əbu Hüreyrə ona belə cavab verir: "Eyb etməz, and olsun Allaha, əgər camaat mənim sənin [fəzilətlərin] haqqında bildiklərimi bilsələr, səni öz boyunlarında daşıyarlar” [11].

Başqa bir mənbəyə görə Rəca ibn Rəbiə belə bir hadisəni nəql edir: "Peyğəmbər məscidində idim. Hüseyn ibn Əli yanımızdan keçib salam verdi. Camaat da onun salamını aldı. Abdullah ibn Əmr isə bir qədər susub sonra səsini qaldıraraq "və əleykəssalam və rəhmətullahi və bərəkatuh” deyir. Sonra üzünü yanındakılara tutaraq deyir: "Sizə Yer əhlindən Səma əhlinə daha sevimli olan kəs haqqında söyləyimmi?” Ətrafındakılar: "Əlbəttə ki!” O əli ilə Hüseyni göstərərək: "Baxın, bu gedəndir”[12].
Səhabələrin və digər müsəlmanların İmam Hüseynə [ə] olan xoş münasibəti onların Peyğəmbərdən [s] eşitdikləri hədislərə görədir.
İkincisi: İmam Hüseynin [ə] şəxsiyyəti, fəziləti, elmi, ibadəti və əxlaqı müsəlmanların qəlbini fəth etmişdir. 

İslam tarixi səhabələrdən, tabiinlərdən və sonrakı nəsillərdən İmam Hüseynin [ə] şəxsiyyətini və məqamını qiymətləndirən və təsdiqləyən çoxlu saylı hədislər, hadisələr, təriflər nəql etmişdir.
Üçüncüsü: İmam Hüseynin [ə] Kərbəla hadisəsində bütün şücaəti və dözümlülüyü ilə faciəvi şəkildə şəhid olması onun başqalarının qəlbini fəht etməsinin səbəblərindən biridir. Seyyid Qütb [misirli alim] "Fi zilalil-Quran” adlı təfsir kitabında "Ğafir” surəsinin təfsirində belə deyir: "Hüseyn [Allah ondan razı olsun!] o böyük Kərbəla hadisəsində bir tərəfdən böyük faciə ilə üz-üzə gəlir, digər tərəfdən isə şəhid olur. Görəsən, onun bu hərəkatı qələbə idi, yoxsa məğlubiyyət?! Zahirdə, dar düşüncə sahiblərinə bu bir məğlubiyyət kimi görünə bilər. Lakin həqiqətdə, geniş düşüncə sahibləri üçün bu bir qələbə idi. Yer üzündə İmam Hüseynə bərabər tutulan elə bir şəhid yoxdur ki, onun üçün qəlblər bu qədər qeyrətə gəlsin və fədakarlıq göstərsin. İmam Hüseynə olan fədakarlıq və sevgidə həm onun şiələri, həm digər müsəlmanlar, həm də qeyri-müsəlmanlar bərabərdir” [13].

Aşura hadisəsindən əldə etdiklərimiz
Aşura gününü qeyd etməkdən məqsəd təkcə Əhli-Beytə [ə] olan sevgi hislərimizi, duyğularımız oyatmaq, hüzn və kədərlərimizi bölüşmək deyil, o hadisədən əldə etdiyimiz digər üç dərs də vardır:
Birinci dərs: Din və imanında möhkəm olmaq
İmam Hüseyn [ə] və onun silahdaşları İslam dinini və onun dəyərlərini qorumaq üçün cihad etdilər. Bu barədə İmam Hüseyn [ə] belə deyir: "Mən Yer üzündə şər və fəsad, həmçinin, zülm törətmək üçün çıxmıram. Babam Peyğəmbərin [s] dinində [fəsadları aradan qaldıran-mütərcim] islahatlar aparmaq üçün çıxıram. Yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək üçün bu yolu gedirəm” [14].
Aşura günü Haşimi qəhrəmanı Abbas ibn Əli ibn Əbu Talib [ə] deyir:
Allaha and olsun ki, əgər məni tikə-tikə etsəniz də,
Mən öz dinimi sona qədər qoruyacağam [15].
Ona görə də Aşuranı keçirərkən bu ruh yüksəkliyini yaşamaq və dinimizin dəyərlərini qorumağı düşünməliyik. Eyni zamanda dində baş verən fəsadları aradan qaldırmaq üçün ciddi cəhdlər göstərməliyik.

İkinci dərs: İctimai məsuliyyəti öz məsuliyyəti hesab etmək
İmam Hüseyn [ə] İslam dinində baş verən hadisələrə və ictimai problemlərə fərdi məsuliyyəti ilə deyil, ictimai məsuliyyəti üzərində hiss edərək cihada qalxdı. Bir fərdi məsuliyyət kimi məsələyə yanaşsaydı, o zaman evində oturar, babasının məscidinə gedər, məsuliyyəti üzərindən atardı. Lakin dini və ictimai məsuliyyəti daşımaqda hamıdan qabağa keçdi. Özü bu haqda belə deyir: "Mən bu məsuliyyəti daşımaqda başqalarından daha haqlıyam” [16].
Aşuranın bu dərsi bizlərə öz vətənimizə və millətimizə qarşı olan məsuliyyəti hiss etməyi, hər kəsə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyi öyrədir. Bir çox dünya ölkələrində cəmiyyətin problemləri ilə məşğul olan xeyriyyə təşkilatları və qeyri-hökumət təşkilatları vardır ki, cəmiyyətə lazım olan köməklikləri göstərməyə çalışırlar.
Xeyriyyə təşkilatlarının hesabatına dair məqalədə qeyd olunur ki, ABŞ-da yeniyetmələrin 50%-i könüllü yardım işlərində iştirak edirlər. Fransa da isə əhalinin 30%-i xeyriyyə təşkilatlarına kömək edirlər. Lakin müsəlman cəmiyyətlərinin əksəriyyətinə gəldikdə isə bu sahədə göstəricilər zəifdir. 
Aşura hadisəsindən söhbət gedərkən burada könüllü qan vermə aksiyasına da toxunmaq istərdik. Bu humanistlik həm qan azlığından əziyyət çəkən insanlara kömək etmək, həm də savab qazanmaq baxımından bəyəniləsi addımdır. 
Qanını kömək məqsədi ilə və savab qazanmaq niyyəti ilə verən kəs yaxşı olar ki, onun savabını öz imamı Əbu Abdullah Hüseynə [ə] hədiyyə etsin.
Üçüncü dərs: İnsanların hüquqlarını qorumaq
Məhərrəm ayının onuncu gecəsi [ona keçən gecə] İmam Hüseyn [ə] bir nəfəri silahdaşlarının yanına göndərərək onlara İmamın sözünü çatdırmağı buyurur: "Boynunda başqasının haqqı olan kəs sabah bizimlə vuruşmasın. Həmin adamlardan biri ayağa qalxıb belə dedi: "Mənim başqasına borcum var, lakin həyat yoldaşım onu ödəyəcəkdir”. İmam [ə] soruşdu: "O bunu necə ödəyə bilər?!” [Yəni, qadının bu borcu ödəməyə maddi imkanı hardandır?! İmam [ə] istəmirdi ki, bu haqq qadının üzərinə düşsün.]

Musa ibn Umeyr öz atasından nəql edir: "Hüseyn ibn Əli mənə onun silahdaşlarını çağırıb onlara İmamın sözünü çatdırmağımı buyurdu: "Boynunda başqasının haqqı [borcu] olan kəs bizimlə vuruşmasın! Mən Allahın Peyğəmbərindən [s] eşitmişəm: "Kim dünyasını dəyişərsə və boynunda başqasının borcu qalarsa, Qiyamət günü onun yaxşı əməllərindən götürülər” [17].
İmam Hüseyn [ə] bunu etməklə şəhidin Allahın hüzuruna gedərkən boynunda heç kəsin haqqının qalmamasını istəyirdi.
İmam Hüseyn [ə] başqasının borcunu ödəməyi cihaddan və onunla birgə düşmənə qarşı vuruşmaqdan daha üstün bilirdi. Baxmayaraq ki, ətrafında onunla birgə düşmənlərə qarşı vuruşanların sayı həddindən çox az idi və onların İmamla birlikdə olmasına ehtiyac vardır.

İmam Hüseynin [ə] Aşura hadisəsində özündən sonra qoyduğu dəyərlər və misilsiz əxlaqi keyfiyyətlər hər zaman sonrakı nəsillərə lazımdır. Əlbəttə, Aşura dərslərindən ibrət almaq bizim hamımızın vəzifə borcudur. Bu günkü dünyamızda insanların haqlarının tapdalanması, bəzilərinin boynunda başqalarının haqqı olaraq ona əhəmiyyət verməməsi, borcun ödənməməsi, verdiyi vədə əməl etməməsi, bəzi müəssisələrdə işçilərin aylıq maaşlarının vaxtında verilməməsi və ya bir qisminin kəsilməsi hallarına çox rast gəlinir. İslam Peyğəmbəri [s] bu haqda buyurmuşdur: "İşçinin haqqını onun təri qurumamış verin!” [18]
Başqalarının hüquqlarının qorunmasında daha həssas olmağımız üçün ciddi çalışmalıyıq. İnsanın etdiyi ibadət və yaxşı əməllər, əgər onun boynunda başqasının haqqı varsa və onu ödəmirsə, o zaman ona faydası olmur. Qiyamət günü insanın namazdan, orucdan, həccdən öncə ilk hesaba çəkildiyi insanların onun boynunda olan haqlarıdır. Ona görə də boynumuzda haqları olan kimsələrin haqqına riayət etməli və axirətə başqasının haqqı ilə getməməliyik.

Bir daha diqqətinizi Aşuranı keçirərkən bu ruh yüksəkliyini yaşamağa və dinimizin dəyərlərini qorumağa çəkirəm. 
Salam olsun Hüseynə [ə] və Əli ibn Hüseynə [ə]! 
Salam olsun Hüseynin [ə] övladlarına və onu sevənlərə!


[1]Səhihul-muslim, Xızırın [ə] fəzilətləri fəsli., S.1294. Biharul-ənvar. C.67. S.20.
[2] Kənzul-ummal. C.12. S.420.
[3] İbn Hənbəl. İmam Əhməd. Musnəd İmam Əhməd ibn Hənbəl. C.1. S.264.
[4] Kənzul-ummal. C.12. S.113. [34251]
[5] Səhih Buxari. C.4. S.217. Mühacirlər və onların fəzilətləri bölümü.
[6] Əl-Mustədrək əlas-səhiheyn. C.3. S.182 [4779]
[7] Sunən Tirmizi. C.5. S.323
[8] Əl-Bidayə vən-nihayə. C.8. S.39.
[9] Həyat imam Huseyn. Baqir Şərif əl-Qureyşi. C.1. S.106.
[10] Həyat əl-imam Huseyn. C.1. S.106
[11] Tarixul-islam liz-Zəhəbi. C.5. S.102
[12] Əsəd əl-Ğabə. C.3. S.235
[13] Fi zilalil-Quran. C.5. S.3086. Ğafir surəsinin təfsiri, ayə 51.
[14] Biharul-ənvar. C.44 S.324
[15] Biharul-ənvar. C.45. S.40
[16] Tarix Təbəri. C.4. S.304
[17] Həyatul-İmam Huseyn. Lil-Qureyşi. C.3. S.171.
[18] Mustədrəkul-vəsail. C.14. S.29. [hədis:16017]
Категория: Мусульманские праздники и памятные даты | Просмотров: 711 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w