Rəcəb ayı Hicri təqvim aylarının yeddincisidir. "Rəcəb” kəliməsi hər hansı bir şeydən utanmaq, qorxmaq, heybətindən çəkinərək hörmət etmək mənasını ifadə edir. Cahiliyyə dövrü ərəbləri bu ayda öz bütləri üçün qurban kəsərdilər. Ərəb ayları arasında müqəddəs sayılan bu ay "əşhurul-hurm"dan - haram aylardan biri sayılır.
Haram aylarlarda müharibə etmək ərəblər arasında qadağan sayılırdı. Bu ənənə Məkkəlilərin bu aylarda məişət ehtiyaclarını və Kəbə zəvvarlarının təhlükəsizliyini təmin etməkdən ötrü idi. Hətta bu ənənə İslamın ilk dövrlərində də tətbiq olunurdu.
Rasulullah (s.a.s) Abdullah b. Cahşın (r.a.) başçılığı ilə bir grup mühacir səhabəni Qureyş karvanından xəbər gətirmək üçün Nəhlə adlanan bölgəyə yollayır. Kəşfiyyat xarakterli bir səfərə çıxmaqlarına baxmayaraq müsəlmanlar müşriklərin onlara etdikləri əziyyətləri xatırlayaraq onların karvanına hücum edirlər. Bu hadisənin baş verdiyi gün Rəcəb ayının son günü idi. Halbuki müsəlmanlar artıq Şaban ayının girdiyini zənn edirdilər. Onlar karvanda olan iki nəfəri əsir tutaraq qalan iki nəfəri öldürüb, karvanı Rasulallaha (s.a.s) gətirirlər. Müşriklər ərəblər arasında döyüşün qadağan olduğu Rəcəb ayında bu hadisənin baş verməsini bəhanə edərək müsəlmanlara qarşı "Muhamməd (s.a.s) haram ayları halal sayır.....” ifadələrini işlədərək əks təbliğata başladılar. Elə bu səbəbdən Bəqərə surəsinin 217-ci ayəsi nazil oldu: «(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: "O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir"! (Ey möminlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!» (əl-Bəqərə, 2:217)
Ümumiyyətlə əksər İslam dövlətlərində, xüsusi ilə də ölkəmizdə bir çox müsəlmanlar Rəcəb ayı içində bəzi müqəddəs gecələrin olduğuna inanırlar. Onalar bu ay da daxil olamaqla "üç aylar" adlanan Rəcəb, Şaban, Ramazan aylarında bəzi bidət və xurafatları həyata keçirirlər. Onların Rəcəb ayı daxilində olduğuna inandıqları gecələr, Rəgaib və Merac gecələridir. Bu gecələrin müqəddəsliyinə dair bir çox hədis rəvayət olunsa da bu rəvayətlərin heç biri səhih (mötəbər) deyil. Aşağıda bu gecələrin haradan və necə meydana çıxdığı haqda sizlərə bəzi məlumatları təqdim edirik.
RƏGAIB GECƏSİ
Rəgaib gecəsi Rəcəb ayının ilk cümə gecəsi keçirilir. Bu gecənin fəzilətindən və onda qılınan namazın savabından bəhs edən rəvayət aşağıdakı qeyd olunan hədisdir.
Ənəs b. Malik (r.a.) Rasulallahın (s.a.s) belə dediyini rəvayət edir: «(Rəcəb ayında orucun fəzilətini zikr etdikdən sonra sözünə davam edərək) O aydakı ilk cümə gecəsini ehmal etməyin. Çünki o, mələklərin Rəgaib adlandırdıqları gecədir. Kim Rəcəb ayının ilk cümə axşamı oruc tutar və o günün axşamı Məğriblə İşa namazları arası on iki rəkat namaz qılarsa (namazın necə qılınacagını izah etdikdən sonra) Allah-təala o şəxsin günahlarını bagışlayar.» (Əbu Şamə, əl Baisu Ala inkaril Bida vəl Həvadis s. 39-40)
İbnul-Cövzi bu hədis haqqında bunları yazır: «Bu hədis Allah Rəsulunun (s.a.v.) adına uydurulmuşdur. Əli b. Abdillah ibn Cəhdami bu rəvyətiylə elm əhli tərəfindən ittiham olunub yalançı hesab edilmişdir. Şeyximiz Abdulvahabın (İbnul-Cövzinin hədis elmi aldığı müəllimlərindən biri) belə dediyini eşitdim: Bu hədisin raviləri (rəvayəti edən şəxslər) məchuldur (onlar haqqında heç bir məlumat mövcud deyil). Ravilər haqqında bütün kitabları araşdırdım və heç bir məlumat tapmadım.» (İbnul-Cövzi, Mavduat, c.2, s.125-126)
İbnul-Cövzi həmçinin bu haqda belə deyir: «Bu hədisi uyduran şəxs etdiyi bidətdə həddini aşmışdır. Çünki bu namazı qılan şəxs əvvəlcə gündüz oruc tutmalıdır. Bəlkə də o günün gündüzü çox istidir. Oruclu oldugundan axşam namzına qədər də yemək yeməyəcək. Axşam namazından sonra yuxarıda qeyd olunan namaz üçün uzun-uzun qiyamda və səcdədə (namazda) duracaq, beləcə əziyyət çəkmiş olacaq. Mən doğrusu Ramazan və Təravih namazlarına nisbətən insanların bunda necə izdihamlı olduqlarınl qısqandım. Əksinə bu namaz xalqın gözündə digərlərindən daha qiymətli və böyükdür. Çünki bu namaza digər beş vaxt namaza gəlməyənlər mövcuddur.» (İbnul-Cövzi, Mavduat, c.2, s.127)
Hafiz Əbul-Xitab isə bu haqda bunları deyir: «Rəgaib namazını uydurmaqla ittiham olunan şəxs Əli b. Abdillah b. İbn Cəhdamidir. Uydurduğu məchul ravilər kitabların heç birində mövcud deyil.» (Əbu Şamə, əl Baisu Ala inkaril Bida vəl Həvadis s. 40)
Hafiz əl İraqi bu haqda belə deyir: «Rəzzin öz kitabında bunu irad tutmuşdur: Bu uydurma bir hədisdir.» (Şukeyri, əs Sunən vəl Mubtədaat, s. 140)
İmam Tartuşi bunları bildirərək əlavə edir: «Rəcəb ayındakı Rəgaib namazı isə, Beytul-Məqdisdə (Qüdsdə) bizim olduğumuz yerdə hicri 480-ci ildə uydurulmuşdur. Bundan qabaq bu namazı nə gördük, nə də eşitdik.» (Tərtuşi, əl Həvadis vəl Bida s.133)
Hamıya məlum olduğumu kimi bu gecə Mövlüdu-şərif (qəsidələr) oxunması bu namaza nisbətən daha sonralar uydurulmuşdur.
MERAC GECƏSİ
Bəzillərinin fikrincə Merac gəcəsi Rəcəb ayının 27-ci gecəsidir. Sunnət və bidətlər kitabının müəllifi Şukeyri (rh.) Rəcəb ayındakı bidətlər bölümündə bunları qeyd edir.
«Mirac hadisəsini oxuyub Rəcəb ayının 27-ci gecəsini qeyd etmək və insanların bu gecəyə xass olan bəzi zikr və ibadətləri etmələri bidətdir. Rəcəb, Şaban və Ramazan aylarında oxunan – geyri sabit-dualar bidət və uydurmadır. Əgər bunda bir xeyir olmuş olsaydı bizdən əvvəlkilər (Raşidi xəlifələr, səhabələr, tabiinlər…) bu işlərədə bizi ötərdilər. İsra, Merac və Rəcəb ayının ihya edilməsinə (qeyd olunmasına) dair heç bir dəlil mövcud deyil.» (Şukeyri, əs Sunən vəl Mubtədaat, s. 143)
Şeyxul-İslam İbn Teymiyyə də Rəcəb ayının 27-ci gecəsi ilə əlaqədar olan namaz haqqında belə buyurur: «Mötətbər alimlərin qeyd etdiyi kimi; İslam alimlərinin ittifaqı ilə bu namaz caiz deyil. Bu ancaq cahil və bidətçi bir şəxsin əməlidir.» (İbn. Teymiyyə, Məcmu əl Fətava)
Onu da qeyd edək ki, "rəqaib gecəsi"dəki kimi bu gecədə də mövlüd oxumaq adət halını almışdır. Beləcə bir bidətə başqa bir bidət əlavə olunmuşdur.
Bəzi şəxslər bu gecələrdə insanların ibadət üçün bir yerə toplandıqlarını və Allahı, Onun peyğəmbərini (s.a.s), Meracı zikr etdiklərini iddia edərək bu gecələri qeyd etməyin heç bir zərərinin olmadığını söyləyirlər. Ancaq onlara Rasulallahın (s.a.s) Aişədən (r.a.) rəvayət olunan səhih bir hədisi xatırlatmaq yerinə düşərdi. «Kim bizim etmədiyimizlə əməl edərsə o əməli mərduddur (geri çevrilmişdir).» (Buxari, Muslim)
Əziz müsəlmanlar! Bildiyiniz kimi şeytan Adəm övladının Qiyamət gününə qədər açıq-aşkar düşmənidir. Təbii ki, bizlər dinimizdə zəif və zəlil olduqca, bidətlər etməkdə israrlı olduğumuz müddətcə düşmənimizin bizim üzərimizdə güclənməsinə şərait yaratmış olacağıq.
Sələfi-salehindən birinin qeyd etdiyi kimi – Şeytan, insanın bidət (ibadət məqsədi ilə dinimizə olunan əlvələr) etməsinə razı olar nəinki, haram əməl etməsinə. Çünki, insan haram əməl dərk etdikdə Allaha tövbə edər və Ona dönər, bu da onun üçün xeyirlidir. Amma bidət edən insan etdiyi bidəti dinindən hesab edər. Heç kim də öz dininə tövbə etməz.
Gəlin dinimizi olduğu kimi – Allah rəsulunun (s.a.s) və əshabının (r.a.) yaşadığı kimi yaşamağa və yaşatmağa çalışaq!
Allah millətimizə elm və hidayət nəsib etsin. Amin!
Mövzu ilə əlaqədar daha geniş məlumat almaq istəyənlər aşağıdaki keçidlərdən istifadə edərək səsli mühazirələrə qulaq asa bilərlər.