Dəstəmaz
Rəbbimiz buyurur:
"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərədək əllərinizi yuyun, (yaş əlinizlə) başınızı və ayaqlarınzı topuqlarınıza qədər məsh edin..." (Maidə surəsi, ayə 6)
Beləliklə, dəstəmaz alarkən əvvəlcə üzümüzü yuyuruq.
Sonra dirsəkdən aşağı sağ qolumuzu (əlimiz də daxil)
və daha sonra dirsəkdən aşağı sol qolumuzu (əlimiz də daxil) yuyuruq.
Bundan sonra əlimizdə qalan yaşlıqla başımızı,
sonra sağ ayağımızı topuğadək
və sonra da sol ayağımızı topuğadək məsh edirik.
Qiblə
Dəstəmaz aldıqdan sonra, artıq namaza başlamaq üçün üzü qibləyə, yəni Məkkə şəhərindəki Məscidül-Hərama, Kəbə evinə tərəf durmaq lazımdır. Rəbbimiz buyurur:
"Hər hansı bir yerə gəldikdə, (namaz vaxtı) üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki, Rəbbin tərəfindən göstərilən bu qiblə haqqdır!.." (Bəqərə surəsi, ayə 149)
Niyyət
Artıq üzü qibləyə, namaza hazır vəziyyətdə durduqda hansı namazı qılacağımızı ürəyimizdən keçiririk. Bu, "niyyət" adlanır. Məsələn, Sübh namazına başladıqda ürəyimizdən keçiririk: "Allaha yaxınlaşmaq üçün Sübh namazını qılıram".
Sonra "Allahu əkbər" deyib namaza başlayırıq.
Digər namazlarda da bu cür niyyət edilir. Sadəcə, "Sübh namazı" əvəzinə "Zöhr", "Əsr", "Məğrib" və ya "İşa" namazını qıldığımızı ürəyimizdən keçiririk.